Linux Fayl Sistemi: Filesystem Hierarchy Standard (FHS)
Terminalda ls / yazanda qarşınıza çıxan qovluqların mənasını anlamaq üçün qısa bələdçi.
Linux-da hər şey bir kökdən (/) başlayır. Windows-dan fərqli olaraq, burada "C:", "D:" kimi ayrı disklər yoxdur — bütün fayllar və qovluqlar tək bir ağac strukturunda, kök qovluğun altında yerləşir. Aşağıda / altındakı əsas qovluqların nə üçün olduğunu qısaca izah edirik.

/bin
Sistemin işə düşməsi və gündəlik istifadə üçün zəruri olan icra faylları (binary-lər) burada saxlanılır. ls, cp, mv kimi hər gün istifadə etdiyimiz əmrlər məhz bu qovluqdadır.
/boot
Sistemin açılışı üçün lazım olan fayllar buradadır — kernel özü, GRUB konfiqurasiyası və digər boot faylları. Bu qovluq zədələnərsə, sistem ümumiyyətlə açılmaya bilər.
/dev
Device (cihaz) fayllarının yeridir. Linux-da hər fiziki və ya virtual cihaz — disklər, USB-lər, klaviatura — adi fayl kimi təmsil olunur. Məsələn, /dev/sda faktiki olaraq diskin özüdür.
/etc
Müxtəlif sistem xidmətləri və proqramlar üçün konfiqurasiya faylları burada saxlanılır — passwd, hosts, şəbəkə tənzimləmələri və s. Sistem səviyyəli parametrlər elə bu qovluqda təyin olunur.
/home
Hər istifadəçinin öz şəxsi qovluğu buradadır — sənədlər, tənzimləmələr və fərdi fayllar üçün rahat, ayrılmış yer.
/lib (və /lib64)
Sistemin işləməsi üçün zəruri kitabxanalar burada saxlanılır. /lib əsasən 32-bit, /lib64 isə 64-bit kitabxanaları özündə cəmləyir.
/lost+found
Fayl sistemi yoxlanışı (fsck) zamanı "sahibsiz" qalan fraqmentlər buraya köçürülür. Normal halda boş olur, yalnız qəfil söndürmə və ya disk xətasından sonra içi dolur.
/media
Çıxarıla bilən qurğuların — USB flash, xarici disk, CD/DVD — avtomatik bağlandığı (mount olunduğu) yerdir.
/mnt
Fayl sistemlərinin müvəqqəti və ya əl ilə bağlanması üçün istifadə olunan ümumi qovluqdur, adətən administratorlar tərəfindən istifadə edilir.
/opt
Əsas Linux paylanmasına daxil olmayan, əlavə (üçüncü tərəf) proqram təminatları üçün nəzərdə tutulmuş yerdir.
/proc
Bu, diskdə faktiki mövcud olmayan virtual fayl sistemidir — kernel və işləyən proseslər haqqında real-vaxt məlumatları (CPU, yaddaş, prosess ID-ləri və s.) əks etdirir.
/root
Superistifadəçinin (root) şəxsi qovluğudur. Adi istifadəçilərdən fərqli olaraq, root /home altında deyil, ayrıca burada saxlanılır.
/run
Sistem açıldıqdan sonra yaranan müvəqqəti runtime datası burada saxlanılır (məsələn, PID faylları). Hər yenidən başlatmada təmizlənir.
/sbin
Sistem administrasiyası üçün nəzərdə tutulmuş əsas binary-lər burada yerləşir — fdisk, ifconfig və s. Bu əmrləri işə salmaq üçün adətən admin səlahiyyəti tələb olunur.
/srv
Sistemin xidmət etdiyi (serve etdiyi) datalar üçün nəzərdə tutulub — məsələn, veb server və ya FTP server faylları.
/sys
/proc kimi virtual qovluqdur, lakin bu dəfə kernel-in cihazlar və drayverlər haqqında məlumatını təmsil edir.
/tmp
İstifadəçilər və proqramlar üçün müvəqqəti faylların saxlandığı yerdir. Sistem yenidən başladıqda məzmunu adətən silinir.
/usr
İstifadəçi ilə əlaqəli proqramlar və fayllar buradadır: /usr/bin əmrlər, /usr/lib isə kitabxanalar üçün.
/var
Sistemin işləməsi zamanı daim dəyişən fayllar burada saxlanılır — log faylları, spool qovluqları, verilənlər bazaları və digər dinamik data.
Qısaca yekunlaşdırsaq: /bin, /sbin, /lib kimi qovluqlar sistemin "iskeletini", /etc və /var onun tənzimləmə və yaddaş qeydlərini, /dev, /proc, /sys isə kernel ilə əlaqəni təmin edir. Bu strukturu bir dəfə anlayandan sonra, hər hansı Linux sistemində özünüzü itirmirsiniz.
Şərhlər
Hələ şərh yoxdur — ilk şərhi siz yazın.